Vitske Versteqin “Boy” romanı çağdaş holland ədəbiyyatı nümunələrindəndir. Psixoloji dram, gərginlik janrında qələmə alınıb.
Avropalı qadın afrikalı bir oğlan uşağını övladlığa götürür. Uşaq yeniyetməlik yaşına çatanda sinif yoldaşları ilə çıxdığı sahil gəzintisində itkin düşür, bir müddət sonra ölü tapılır, polis intihar etdiyini deyir. Qadın intihar versiyasına inanmır, hadisədən dörd ildən sonra oğlunun xüsusi münasibəti olduğu deyilən müəllimin izinə düşür. Axtarışlar onu Bolqarıstana aparıb çıxarır. Bolqarıstanın ucqar kəndi iki qadının həqiqəti üzə çıxarmaq üçün üzləşdiyi döyüş meydanına çevrilir.
Bu qadınlar bir uşağı böyütmək üçün lazım olan iki istiqaməti – təhsil və tərbiyəni təmsil edirlər. Yazıçının obrazlara çıxardığı xarakteristikalardan bəlli olur ki, müəllimin ayağı kimi pedaqoji fəaliyyəti də axsayır, ana isə psixoloq təcrübəsindən yararlana, yeniyetmə oğlu ilə heç cürə yaxınlıq qura bilmir. Boy evində istilik, məktəbdə dostluq tapa bilməyən, vaxt keçdikcə bu münasibətə öyrəşən, hətta buna uyğunlaşan bir uşaqdır. Elə ilk diqqət sədəqəsindəcə özünü axına buraxması onu fəlakətə sürükləyir və rəngarəng quş lələkləri ilə bəzədiyi qadın uşaqlıq arzusunu yerinə yetirir, onu “cənnət quşu”na çevirir.
Yas dövrünün təsvirində təhkiyə dili iki dəfə dəyişir: müəllimlə qarşılaşanadək ana birinci şəxsin təkində danışır, təqsirkar hesab etdiyi qadınla üzləşməsi ananı ikinci şəxsin təkinə keçirir. Müəllim danışdıqca ana həmin söhbətlərdəki oğlunu tanımır, oğlu yadlaşdıqca, özü də özünə yadlaşır. Ruhu bədənindən çıxır, sanki bir tamaşaçı kimi baş verənləri kənardan dinləməyə başlayır. Keçmişin qalıqlarında eşələndikcə hansısa bir baxışın, ağızdan çıxan hər hansı bir kəlmənin fərqli çalarlarını duyur, peşmanlıq intiqam yanğısını alovlandırır, “qisas almaq imkanın olduğunu bilirsənsə, deməli, yaşamaq üçün səbəbin var” deyir.
“Cəsəd həmişə su üzünə çıxır” cümləsi ilə başlayan əsər bir qəbiristanlıq təsviri ilə bitir: qar məzarların üzərini örtüb; buranın qışı ölümü də görünməz edir.
Bu əsər də görünməz olanların ölümü haqqındadır. Heç kimin günahkar olmadığı dünyada hamının günahkar olması haqqındadır. Bəzən yaxşı niyyətlərin də pis nəticələnə bilməsi haqqındadır.