Salman Rüşdi “Bıçaq: Qətl cəhdindən sonrakı düşüncələr”
Knife: Meditations After an Attempted Murder by Salman Rushdie

Mövzu

Hind əsilli ingilis yazıçısı Salman Rüşdi 12 avqust 2022-ci ildə Nyu York ştatının Şatokua institutunda çıxış edərkən hücuma məruz qalır, dinləyicilərdən biri səhnəyə atılaraq 15 dəfə yazıçıya bıçaq zərbəsi endirir. “Bıçaq: Qətl cəhdindən sonrakı düşüncələr” kitabı da həmin faciəvi hadisədən, müəllifin hücumdan sonrakı müalicəsindən və bərpa prosesindən, bu əsəri yazma hekayəsindən bəhs edir.

Uzun illər əvvəl qələmə aldığı “Şeytan ayələri” romanına görə İranın ali dini lideri ayətullah Xomeyni tərəfindən fətva verilən, ömrünü gizlənərək yaşayan Rüşdi tam hər şeyin unudulduğunu, daha fətva ilə assosiasiya olunmayacağını düşündüyü anda yenidən keçmişin “qatil ruhu” ilə üzləşir. Bu baxımdan kitabın strukturunun “Ölüm mələyi” və “Həyat mələyi” adlı iki hissəyə bölünməsi yazıçının keçdiyi mürəkkəb emosional təcrübələri qruplaşdırmağa kömək edir.

Məni qane edən tərəfləri

  • Bıçağın obrazlaşdırılması
    Yazıçı bıçağın odlu silahdan fərqli olaraq, neytral alət olduğunu, istifadəsindən asılı olaraq mahiyyətini dəyişdiyini vurğulayır. Qeyd edir ki, sözlər və dil də onun bıçağıdır, onun vasitəsilə dünyanı deşib, mənasını göstərir, həqiqəti kəşf edir.
  • Sevgi zorakılıq və nifrətə qarşı
    Hücum zamanı Rüşdi tənha olduğunu dərindən hiss etsə də, həyat yoldaşı şairə Reyçel Elizabet Qriffits və yaxınlarının dəstəyi, qayğısı və sevgisi ilə yenidən ayağa qalxır. Dolayısıyla, faciədə tənhayıq, ancaq onun nəticələri ilə mübarizədə tənha olmaya bilərik.
  • Rasional mövcüzə
    Rüşdi rasional bir insan kimi möcüzəyə inanmadığını söyləsə də, sağ qalmasının bir möcüzə olduğunu etiraf edir.
  • Ailə
    Uşaqlıq illərindən bəhs edərkən valideynləri ilə münasibətini, ailənin yalnız qan bağı ilə olmadığını, oğulların atalarla eyni dəyəri bölüşmədiyini göstərir.

Məni məyus edən tərəfləri

  • Sərt keçidlər
    Təsvirlər və fəlsəfi fikirlər arasındakı bir çox keçid sərt təəssürat bağışlayırdı. Fəlsəfi fikirlərin əksəriyyəti də liberal klişeliyi ilə yorurdu.
  • Emosional yaxınlıq
    Müəllifin yaşadığı faciədən emosional olaraq kifayət qədər uzaqlaşa bilməməsi, hələ də bu silahlı hücumu şəxsi qəbul etməsi mətni bəsitləşdirir, yazıçı yaşadıqlarından yüksəkdə dura, ona yuxarıdan aşağı baxa bilmir, onun səviyyəsinə enir.
  • Arvadım, arvadım, gözəl arvadım
    Bütün əsər boyu Rüşdi gənc və istedadlı həyat yoldaşını var qüvvəsi ilə oxucuya sevdirməyə çalışır.