2004-cü il iki hadisə ilə tarixə düşmüşdü: mənim universitetə qəbul olmağım və “Troya” filminin ekranlara çıxması ilə.

“Troya”dan sonra qızlar arasında obrazlar ətrafında yaranmış üç azad azarkeş qrupundan ikisinin üzvü idim. Biri və birincisi Hektor (oxu: mən sənin tanıdığın qızlardan deyiləm), ikincisi isə Axilles (oxu: mən elə sənin tanıdığın qızlardanam).

Elə o vaxtdan Hektoru canlandıran Erik Bana mütəmadi yeni filmlərini izlədiyim aktyora çevrildi. Bu yaxınlarda “Netflix”də gözümə sataşan iki posterdə artıq yaşa dolmuş Erik Bananın şəklini görəndə Hektorlu günlərimi yada salıb bir xeyli kövrəldim.

Ötən günlərin xətrinə ekran işlərindən birini – “Murdar Con” (Dirty John) serialını qoşub baxdım. Real hadisələrə əsaslanan serialda Con Maykl Mihan adlı dələduzdan bəhs edilir. Bir çox qadını manipulyasiya edərək böyük məbləğdə pul mənimsəmiş Con cinayət törətməkdən, qurbanlarını təqib və şantaj etməkdən də çəkinmir.

Sonuncu evliliyində işlərinin üstü açılandan və ögey qızını bıçaqladıqdan sonra bu hadisə Kristofer Qoffard (Christopher Goffard) adlı bir şəxsin diqqətini çəkir. Qoffard da elə-belə adam deyil, Pulitzer və Edqar Alan Po mükafatı almış jurnalistdir. Qoffardın bu mövzuda hazırladığı eyniadlı podkast 50 milyondan çox yükləmə rekordu qırır. Bir ildən sonra bu hadisə əsasında serial çəkir.

Dirty John True Story Complete Timeline - John Meehan's Real Life Explained

Ekran işi çoxdandır baş qaldıran triller yanğımı qismən də olsa söndürə bildi. Məni ən çox təəccübləndirən məqam isə həmişə nəcib rolları ilə tanıdığım bir aktyorun bu qədər “murdar” bir obrazı ustalıqla yaratması oldu. Əməllərinə baxa-baxa, yalanlarını eşidə-eşidə bütün varlığımla ona nifrət edirdim.

Bu hadisə bir də onu göstərir ki, zəngin həyat təcrübən olsa da, tələyə düşə, qulağınla sevə və sonunadək reallığı təkzib edə bilirsən. Yeganə xilas yolu detalları gözardı etməmək, səni sevənlərin xəbərdarlıqlarını diqqətə almaqdır.