Sonra kündələr edirik. Hər kündənin içinə bir turşu qoyuruq. Təzədən yumrulayırıq.
Həblə sonuçlar aldıq 🙂 Kündələrin qeyri-bərabər ölçüsü xanımın həvəskar səviyyədən peşəkar səviyyəyə qalxmaq üçün kifayət qədər cəhd göstərməməyinin göstəricisidir. Şəkildə qan izlərini təmizləmədiyim üçün bütün türk kanallarından üzr istəyirəm.
Kartofları soyub, yuyub, doğrayıb döyüşə hazır vəziyyətdə saxlayırıq.
Azadlıq silahı olan tavanın böyük bacısı, 6 litrlik qazanı qazın üstünə qoyub, twitterdə Qazetti layihəsi haqda oxuyuruq :p Yağda noxudlarla soğanı bir balaca cızıldadırıq. Soğança etməməyimin səbəbi sulu xörəklərdə bişmiş və doğranmış soğan yeyə bilməməyimdir.
Su töküb, sarıkök əlavə edib, noxudun bişməyini gözləyirik.
Noxud bişdikdən sonra kartofları tökürük. 5 dəqiqədən sonra suya quru nanə əlavə edib, küftə kündələrini atırıq. Hardasa 20 dəqiqəyə hazır olur. Bişməyini kündələrin içindəki düyülərin dik durması ilə də təyin eləmək olar.
Süfrəyə verəndə yanına sumax və baş soğan qoymağı unutmayın.
Bu xörəyi bişirəndə məni tək qoymayan Saramaqo yaradıcılığı qarşısında baş əyirəm.










