Hərdən eyni kədəri, eyni əzabı yaşayan iki insan yan-yana oturur və gülür. Səbəb onları danışdırmağa çalışan kədəri susdurmaqdır. Ağızlarını açsalar, xatirələr qarşısında aciz qalacaqlarını bilirlər. Onda heç nə təsəlli olmayacaq. Atalarının albomdan baxan gözləri belə.
Hərdən eyni sevinci yaşayan iki insan yan-yana oturur və ağlayır. Səbəb artıq həyatın mənasını başa düşmələridir. Ağızlarını açsalar, baş vermiş möcüzəni ifadə edəcək sözlərin rəngsizliyi qarşısında aciz qalacaqlarını bilirlər. Onda hər şey boz rəngə çevriləcək. Qonşu otaqda mışıl-mışıl yatan körpəni əhatə edən divarların rəngi kimi.