“Şpil” müəllifin “Milçəklər kralı”, “Varislər” romanlarından sonra oxuduğum üçüncü əsəri oldu. “Milçəklər kralı” ( http://bluefox.blog/2012/05/21/pigs-might-fly/) mənim ən çox sevdiyim on əsərdən biridir. Həmin kitab mənə çox təsir etmişdi. Bəlkə, yaşım az idi, bəlkə təcrübəm…amma indinin özündə də Ralfın son səhnədəki halı yadıma düşəndə, gözlərim dolur.
Məlumatlara əsasən, yazıçının ən sevimli əsəri olan “Varislər” “Milçəklər kralı” romanındakı əsas ideyanın inkişafı kimi nəzərdə tutulub. Qoldinqin təxəyyül gücünün qarşısında baş əysəm də (belə bir ideya insanın ağlına necə gələ bilər?!), mütaliə prosesindən bir qram zövq ala bilməmişdim. Mən dialoq həvəskarıyam. Əsər isə hələ nitq qabiliyyətinə yiyələnməmiş “əcdadlarımız” haqqında idi. Çəkdiyim tantal əzabını təsvir etməkdə acizəm. Belə ki, danışa bilməyən qəhrəmanların yerinə danışmaq istədiyim üçün bütün əsər boyu asfiksiyadan əziyyət çəkdiyimi hiss edirdim. Bu kitab indinin özündə də məndə boğulma hissi ilə assosiasiya olunur.
Qoldinq yaradıcılığına münasibətimi dəqiqləşdirmək üçün ötən həftə müəllifin “Şpil” əsərinə başladım. Annotasiya bas-bas bağırırdı ki, bu əsər Qoldinqin yaradıcı irsinin şedevridir. Qəhrəmanımız Coslin adlı keşişdir. O, Allaha olan sevgisini, sədaqətini sübuta yetirmək arzusundadır. Bu məqsədlə şpil inşa etdirmək qərarına gəlir. Dostları, mütəxəssislər layihənin uğursuz olacağını desələr də, onu bu yoldan döndərmək istəsələr də, keşiş vaz keçmir. İmkansız arzusu naminə bütün dost-tanışını, sevdiklərini qurban verən Coslinin simasında bir daha əmin oldum ki, istənilən fanatik sevgi, kor-koranə mübtəlalıq təhlükəlidir. Həm insanın özünə, həm ətrafına.
Coslin divanə ideyalarına Tanrının adı ilə don geyindirən, “Allah belə məsləhət bilib” deyən yerli mollalardan heç nə ilə fərqlənmir. Keşiş təkəbbürlü olduğunu bilir və bu xüsusiyyətin daşıdığı statusa zidd olduğunu görür. Ona görə təkəbbürünü məhv etmək üçün mənəviyyatını yüksəltmək istəyir. Yüksəlişi isə şpil ucaltmaqda görür. Və bu yolda vicdanını, dostlarını itirir. Paradoksal hal alınır. Yüksəltməyə çalışdığı mənəviyyatı da inşa etdirdiyi qüllə kimi əsərin sonunda ayaqlar altına düşür.
Qoldinqin hirsi bununla da soyumur. O, son iki fəsildə Coslinin karyera yüksəlişinə səbəb olan hadisələrə toxunur. Məlum olur ki, özü də bilmədən “tapışla” bu vəzifəyə təyin olunan keşiş adi duaları da bilmir. Yaxşı ki, yazıçı son iki fəsli yazıb. Yoxsa can sıxıntısından az qalmışdı dəli olam. Bütün kilsə terminlərini əzbərləmişdim. Bəlkə də “keşiş, kilsə” sözlərinə rast gələn kimi kitabı bir kənara qoymalı idim. Amma bu dəfə “dəli şeytanın” səsinə uydum. Sezen Aksu demiş, “dilerim son olsun”.
Yaxşı xəbər də var. Əsər audio formatda “YouTube”-a yerləşdirilib. Səsləndirən isə Benedikt Kamberbeçdir. Aktyorun pərəstişkarlarına yeddi saatlıq “səs şousu”: https://www.youtube.com/watch?v=vKC2Dao_Gac&list=RDvKC2Dao_Gac&start_radio=1&t=2
p.s. Kiçik araşdırmadan sonra məlum oldu ki, şpil əslində freydsayağı simvola işarədir. Tənqidçilərin çıxardığı şayiəyə əsasən, şpil fallosun təcəssümüdür. Bəlkə buna görə yazıçı keşiş obrazını əsərinin qəhrəmanı seçib?!