Pola Hokinsin “Qatardakı qız” əsərini eyniadlı filmi çıxmamış oxumaq istəyirdim. İstəyimə nail oldum. Kaş olmazdım.
Sanki məktəbə yeni gələn oğlanın “yaraşıqlı, hündür və s.” olması ilə bağlı xəbərlər işıq sürəti ilə qulağına çatır və sən də rəfiqənin əlindən tutub onu görmək üçün yeməkxanaya gedirsən. Nəticədə məlum olur ki, oğlan sənin tipin deyil. Ümumiyyətlə, oğlanda tip deyilən bir şey yoxdur. Bu əsər də “tipsiz” əsər idi.
Hələ birinci fəsildə bilirsən ki, filankəs əsərin ortasında öləcək, qatil də filankəs olacaq. Bu, məncə, oxucu hissiyatının gücü deyil, sırf yazıçı qələminin gücsüzlüyüdür. Klişe qəhrəmanların klişe hekayələri ilə dolu Hollivud filmlərinə yaxşı ssenari olacaq klişe əsər – qəhrəmanımız depressiyadadırsa, mütləq əyyaş olmalıdır, evdən bayıra çıxmamalıdır və s.; psixoloq krişnalar kimi başından böyük məsləhətlər verməlidir; psix ərin psixliyini sona kimi heç kim sezməməlidir;
Əsərlə bağlı yeganə xoş təəssüratım ondan ibarətdir ki, özümdən başqa da qatarları sevən insanların olduğuna sevindim.
Sonda dərindən bir ah çəkdim və bir ona sevindim ki, vaxtilə bu əsərə 15 manat verib almamışam.
p.s. Filmin ssenari müəllifləri hansı ağılla əsərdə “gombul” kimi təsvir edilən Reyçel obrazına Emili Blantı çəkmək qərarına gəliblər?




