Orhan Pamukla Harper Lini birləşdirən bir cəhət var, o da lazımi məqamlarda həyatıma girib, düzgün mesaj vermələridir. Bilirəm, çox snobcasına və ya “Ölü yazarlar dərnəyi” üslubunda səsləndi.
“Əbabili öldürmək” romanı ilə sevimli yazıçıma çevrilən Harper Linin başqa heç bir əsər yazmadığını öyrəndiyimdə keçirdiyim təəssüf hissi ötən il “Get bir gözətçi qoy” əsərinin çap xəbəri ilə kompensasiya edildi.
“Get bir gözətçi qoy” əvvəldən axıra kimi qorxa-qorxa mütaliə etdiyim ilk əsər oldu. Qorxumun səbəbi Cin Luiza kimi tanrılaşdırdığım Attikusun o səviyyədə qala bilmədiyini görmək idi. Çünki mən də Cin Luiza kimi atamı həmişə haqlı hesab etmişəm, onun həmişə doğru qərarlar verdiyini görmüşəm, bütün ömrüm boyu tanıdığım ən dürüst, ən vicdanlı, ən ağıllı kişinin, daha doğrusu insanın atam olduğuna inanmışam. Və sonra eynilə Cin Luiza kimi idola çevirdiyim birinin də səhv edə biləcəyinə şahid olmuşam. Amma Cinbaladan fərqli olaraq, “Tanrı”mın səhvlərinə üsyan etdiyim vaxtlarda yanımda Cek əmim olmayıb. Mənim Cek əmim “Get bir gözətçi qoy” oldu. Bəli, sən demə insan yüksəklərə qaldırmadan da sevə bilərmiş. Düzdür, “yüksək eşq”dən fərqli olaraq “yer eşq”ində o coşqu, o həyəcan olmur, əvəzində “başa düşmə”, “anlama”, “güzəştə getmə” və “özünü tapma” olur. Nə deyə bilərəm? Attikusu yenə sevdim, “xudbin sevgini”, “tiran qayğını” deyil, “seçim azadlığını” və “mübarizə ruhunu” bəxş etdiyi üçün. İkinci Attikusda da atamı gördüm. Atamı mənə başa saldığı üçün Harper Liyə dərin minnətdarlığımı bildirirəm. Bilirəm, yazıçının məqsədi bizim ailə işlərimizə qarışmaq olmayıb.
“Sometimes we have to kill a little so we can live”.
p.s. Bir ona məyus oluram ki, roman ekranlaşdırılsa, Qreqori Pek daha Attikus olmayacaq.