“Məhəbbət və s.” adlı əsəri oxumağıma və Culian Barns adlı yazıçını tanımağıma səbəb məhz kitabın üzqabığı olub. Annotasiya ilə tanış olduqda isə müəllifin üslubunun Vudi Allen üslubu ilə müqayisə edildiyini gördüm. Bu kifayət idi ki, əlimdə kitab birbaşa kassaya doğru gedim.
Evə gəlib Vudi Allendən başqa isimlərə də fikir  verdikdən sonra məlum oldu ki, roman “Baxış üçbucağı”* adlı əsərin ikinci hissəsidir. Belə olduğu təqdirdə birinci kitabın elektron variantını yükləyib mütaliəyə start verdim. Və elə ilk fəsildən müəllifin üslubuna heyran qaldım.

Culian Barnsda bir az Con Faulzdan var idi, bir az Kortazardan, bir az Saramaqodan, bir az da Martin Pajdan. Və bu sevimli yazıçılarımı xatırlatdığı üçün Culian Barns da sevimli yazıçılarımdan oldu.

Yazıçı beyin xərçəngindən dünyasını dəyişmiş arvadı,
eyni zamanda agenti olmuş Pet Kavanah ilə 

İki hissəli romanın mövzusu məhəbbət üçbucağı haqqındadır. Baş rollarda: Stüart, Oliver və Cilian. Stüart bütün qadınların heç vaxt aşiq ola bilməyib, həmişə evləndikləri, Oliver isə bütün qadınların həmişə aşiq olub, heç vaxt evlənmədikləri tipdəndir. Cilian isə hər iki tipi sınaqdan çıxarmağa hazır olan qadındır. Hadisələrin hər üç qəhrəmanımızın dilindən nəql edilməsində Faulzun “Kolleksiyaçı” əsəri var idi, Oliverin intellektual monoloqları və nihilist davranışında Kortazarın Horasiosu var idi (ümumiyyətlə, ordakı məhəbbət üçbucağını da – Horasio, Treveler və Talita – qeyd etmək lazımdır), Cilianın anası Madam Uayettin hadisələri şərh etmək tərzində Saramaqonun “Təxirə salınmış ölüm” əsərində iblisin hadisələrə yanaşma tərzi var idi, müəllifin yumor hissində isə Martin Pajın özü var idi.

Bu əsərləri mütaliə edən zaman başa düşdüm ki, kitabları sevmək səbəblərimdən biri də tənbəlliyimdir. Real həyatda tanıdığım insanları təyin etmək tənbəlliyim. Məsələn, “filankəs necə adamdır?” deyə soruşulanda, “filankəs belə, belə, belə adamdır” demək əvəzinə, “filankəs eynilə Stüartdır” söyləmək məncə daha asandır.
Çünki sözlərdən daha yaxşı istifadə edən kəslər həmin insan tipinə artıq tərif veriblər. Stüart olmaq – həmişə özünü “əzilən” kimi göstərən, sənə pislik edənləri vaxtında cavablandırmayıb, qisas almaq üçün uyğun vaxtı gözləyən kinli, cəsarətsiz, hər şeyə maddi tərəfdən baxan adam deməkdir. Və belə birinin həyatımda olması məni bir xeyli məyus edir.

Oliveri isə Cavid Ağa ilə atama oxşatdım. Oliver də bütün söhbətləri özünə sərf edən istiqamətə yönləndirə bilir, cahillərə lağ etməkdən xüsusi zövq alırdı. Yaxşı ki, ətrafımda Cilian kimi qərarsız qadın tanışım yoxdur.

Bu kitabdan öyrəndiyim ikinci məsələ isə budur ki, bütün tərəflərin arqumentlərini eşidəndə heç kimi günahlandıra bilmirsən. İnsan danışmağa başladımı istənilən səhvinə haqq qazandırmaq qabiliyyətinə malik məxluqa çevrilir. Bəlkə ona görə psixoloqlar belə canfəşanlıqla məsləhət verirlər ki, qarşınızdakını dinləyin!

Əsər əsasında çəkilmiş filmin treyleri: Love etc. (1996)

Filmin adı ikinci hissədən götürülsə də süjet daha çox birinci hissə əsasında qurulub. Qəhrəmanlarımızın adını (Pyer, Benua və Mari) dəyişdirən rejissorun ürəyi soyumayıb, üstəlik Cilianın saçlarını da qısa edib. Halbuki o saçlar romanda böyük mənəvi məsuliyyət daşıyırdı: xəyanətə sürükləyən vasitə idi.

Pyer, Mari və Benua

Əsəri səhnələşdirən rejissorumuz isə mənim kimi tamaşaçıların zövqünü nəzərə almış və bir çoxlarının sevdiyi həmin səhnəni kəsmədən tamaşanın ssenarisinə daxil etmişdir:

Oliver Cilianın saçlarını oxşayır
Yazıçının rəsmi saytı: www.julianbarnes.com

“Baxış üçbucağı” əsərindən seçdiyim bütün qeydlər: http://www.kkoworld.com/2015/01/29/culian-barns-baxis-ucbucagi/
_____________________________________________________________
* “Baxış üçbucağı” – əsərin orijinal adı “Talking it over”-dir. Türklər “Seni sevmiyorum”, ruslar isə “Как все было” kimi tərcümə ediblər. Azərbaycan dilinə tərcümə edərkən Səbinə Mütəllimovanın təklif etdiyi variantı saxlamaqda məqsədim həm orijinallığı qorumaq, həm də məzmuna uyğunlaşdırmaq idi. Buna görə Səbinəyə sonsuz təşəkkürlər.