Xalid Hüseyni ilə tanışlığım 6 il əvvələ təsadüf edir. Onda müəllif ölkəmizdə elə də məşhur deyildi. “8 mart Beynəlxalq Qadınlar Günü” münasibətilə Sevincə “Şəfəq saçan min günəş” əsərini (rus dilində) hədiyyə almışdım. Annotasiyasını oxuyanda verilmiş hal üçün ideal hədiyyə kimi görünürdü. Elə də çıxdı.
İkinci “Çərpələng uçuran”ı mütaliə etmiş, amma birinci əsər qədər bəyənməmişdim. Yəqin qəhrəmanların cinsinin də məsələyə birbaşa aidiyyatı var.
Bu yaxınlarda isə “Və dağlardan səda gəldi” romanını bitirdim: təhkiyə kifayət qədər dinamikdir, hekayələr maraq doğurur, tərcümədə qulağa yad səslənən sözlər və ifadələr yoxdur, peşəkarlıq hiss olunur.
Müəllif özünü fərqli cəhətdən sınayıb: bir-biri ilə yaxından və uzaqdan əlaqəli olan doqquz hekayə, hər hekayədə fərqli nəqletmə üsulu. Nə deyə bilərəm? Əsərdə “gizlən-qaç” effektini, süjetin qurulmasında oxucunun xəfiyyə kimi tapşırıq almasını, müxtəlif həyat hekayələrinin bir bütövün içində fərqli şəkildə nəql edilməsini çox sevirəm. Sadaladığım cəhətləri özündə birləşdirən “Xana-xana oyunu” (Xulio Kortazar), “Kolleksiyaçı” (Con Faulz), “Qalın dəftər” (Aqota Kristof) kimi əsərlərlə müqayisədə “Və dağlardan səda gəldi” romanı çox bəsit görünür.
Kifayət qədər güclü başlanğıc götürən əsər müəyyən bir vaxtdan sonra ümidləri doğrultmur. Aidiyyatı olan qəhrəmanların aidiyyatı olmayan hekayələri mənim kimi naşı oxuyucuya belə yamaq təsiri bağışladı. Bəli, mövzu yenə Əfqanıstan, müharibənin şikəst etdiyi talelər, bir sözlə, yazıçının “sülhməramlı missiyası” idi. İlk iki romanda problemlərin üstündə ətraflı işlənsə də, sonuncu əsərdə problemlər səthi göstərilir, təsvir edilən bədbəxtliklər təsir etmir.
Əsər yaxınını, doğmasını tərk edənin peşmançılığı və tərk edilənin çarəsizliyi haqdadır: Pərini tərk edən ailəsi və Abdullanın çarəsizliyi, bacılarını tərk edən Nəbi və Məsumə ilə Pərvanənin çarəsizliyi, anasını, dostunu tərk edən Markos,qızını tərk edən Madlen və Odi ilə Talianın çarəsizliyi, ərini tərk edən Nila və cənab Vəhdətinin çarəsizliyi, xəstə uşağı tərk edən həkim İdris və Roşinin çarəsizliyi. Və bütün tərk edənləri vicdan əzabı cəzalandırır.
Ancaq tərk edənlərin heç birini qınamadım, daha doğrusu qınaya bilmədim. Hüseyni elə ustalıqla onlara haqq qazandırır ki, istər-istəməz mərhəmət hissi üstün gəlir. Zira, hamımız nə vaxtsa, Nəbi kimi sevdiyimizin üzünü güldürmək üçün “doğru hesab etdiyimiz” addımı atmışıq, Sabur kimi azı qurban verməklə çoxu qoruyub saxlamağa çalışmışıq, yanımızdakı gözəlin üstümüzə saldığı idbarlıq kölgəsini Məsumə kimi qovmağa cəhd göstərmişik, Nila Vəhdəti kimi çərçivələrə sığmamışıq.
Mənə ən doğma gələn qəhrəman Talia oldu. Bəlkə texniki sahənin adamı olduğuna, bəlkə də daşqəlbli Odinin açılmasına xidmət göstərdiyinə görə, dəqiq bilmirəm.
Ən xoşladığım hekayə Baba Əyyubun div haqqındakı nağılı, Talianın Markosa fotoaparat düzəltdiyi hekayə və Qulam ilə Adilin Zidanın köynəyindən mərcə gəlib futbol oynadıqları səhnə oldu.
Və azərbaycanlı olaraq bir daha şahid oldum ki, inkişaf etmiş cəmiyyət fərdə daha çox imkan təklif edir. Əfqanıstanda qalsa, alnına uzaqbaşı ərə gedib, bir sürü uşaq doğmaq yazılan Pəri Fransada texniki elmlər üzrə alimlik dərəcəsi alır və institutda müəllim kimi fəaliyyət göstərir.
Səbinə, yaxşı bir işin öhdəsindən gəlmisən. Tərcümənin gözəlliyinə söz ola bilməz. Və bir şeyi dəqiqləşdirmək istərdim. 98-ci səhifədə Nəbinin məktubunda belə bir qeyd var: “…belə ki, Nadir Şahın güllələnib öldürüldüyü və gənc oğlu Zahirin taxta çıxdığını eşidən gün, sonralar bacanağım olacaq dostum Sabur ilə yumruq döyüşünə çıxdığımı yaxşı xatırlayıram“. Xatırladım ki, Sabur Nəbinin bacanağı deyil, yeznəsi idi 🙂
p.s. Hər dəfə Xalid Hüseyni imzası ilə rastlaşanda atasının Məryəmə (“Şəfəq saçan min günəş”) yazdığı o məktub yadıma düşür və çox pis oluram.
“Bircə sən döy. Bu dəfə qapıları üzünə taybatay açacam. Nəinki qapıları açmaq, səni bağrıma basıb zəif ürəyimə sıxacam. Bunun nə vaxtsa baş verəcəyinə bəslədiyim ümid kimi zəif olan ürəyimə”.



