Rumın mənşəli fransız dramaturqu, absurd teatrın ən məşhur adlarından biri Ejen İonesko yaradıcılığı ilə tanışlığa “Keçəl müğənni” pyesi ilə başlamışdım. Mütaliə üçün təsadüfən seçilmiş bu əsər müəllifin digər əsərlərini oxumağa da maraq oyatmışdı.

Və bu gün müəllifin digər əsəri “Stullar“ı oxumağa başladım və elə üç saatın içində bitirdim. Bunu qeyd etməkdə məqsədim qısa zaman ərzində mütaliə etmək bacarığımı gözə soxmaq deyil, sırf pyesin çox maraqlı və həcminin kiçik olduğunu vurğulamaq idi.

Əsas qəhrəmanlarımız Qoca ilə Qarı adada, tənha bir evdə yaşayırlar. Bütünlüklə ətraf mühitdən təcrid olunan bu cütlüyün həyatını yalnız xatirələr bəzəyir. Hər gün eyni xatirələr, hər gün eyni əhvalatlar, hər gün eyni təsəllilər.

Hadisələrin vaqe olduğu həmin gün Qarı Qocaya o böyük missiyanı xatırladır. Missiya yer üzündə sağ qalmış bütün insanları evə qonaq çağırıb Qocanın kəşf etdiyi bir şeyi Natiq vasitəsilə dinləyicilərə çatdırmaqdır. Qoca tərəfindən kəşf edilən şey həyatın mənasıdır.

Beləliklə, qapının zəngi döyülür və xəyali qonaqlar təşrif buyurur. Hər qonağa bir stul. Bir boş stul.

 Və nəhayət səhnə boş stullarla dolur, sonuncu qonaq – Qoca ilə Qarının səbirsizliklə gözlədiyi əlahəzrət imperator gəlir. İndi isə növbə Natiqdədir. O da gəlib çıxış etdikdən sonra hamı həyatın mənasını biləcək. Natiq özünü çox gözlətmir. Qoca və Qarı kimi real qəhrəman olan Natiq estradada yerini tutan kimi cütlük son sözlərini deyib, özlərini pəncərədən okeana atır.

İndi gözlər Natiqdədir. Həyatın mənası nədir?!

SPOILER ALERT!

Buranı oxuyursunuzsa, ya ingiliscə bilmirsiniz, ya da həqiqətən maraq sizi bürüyüb. Bəli, həyatın mənası LAL Natiqin çıxardığı səslər, ifadə etməyə çalışdığı fikirlər, yazı lövhəsinə cızdığı, heç bir məna kəsb etməyən hərflərdir. Həyat bu qədərmi mənasızdır?! Yoxsa mənası dilə gətirilməyəcək dərəcə qəlizdir?!

Nəticə 1. Həyat yan-yana düzülmüş boş stullardan ibarətdir. Həmin boş stullarda isə bir vaxtlar sevmədiyimiz, hörmət etmədiyimiz, həyatımızın boş stullardan ibarət olmasına şərait yaradan insanlar oturub. Və həyatımızın mənasızlıq əmsalı o stulların sayından asılıdır.

Nəticə 2. Qoca ilə Qarı Samuell Bekketin “Oyunun sonu” əsərində Hammın zibil qabında yaşayan valideynlərini, Natiq isə Qodotu xatırlatdı. Bircə fərqlə, Natiqi gözləməyimizə dəydi.

Nəticə 3. 

Stullar“ın teatr proqramında müəllif pyesin daşıdığı fikri belə dilə gətiribmiş:

“Hərdən dünya mənə mənasız, reallıq irreal gəlir. Məhz bu irreallıq hissini  personajlarım vasitəsilə çatdırmaq istəmişəm. Xaosda itən, qorxu, vicdan əzabı və həyatlarının tamamilə boş olma düşüncəsindən başqa əlində heç nə olmayan personajlarım vasitəsilə…”

Pyes əsasında səhnələşdirilmiş opera: https://www.youtube.com/watch?v=k0J4GxoLPqk

p.s. Kitabsevərlərə Ejen İoneskodan mesaj: