Hər cinayət öz həyatını yaşayır və öz bəraətini tələb edir.

Xüsusi səbəb olmadan hamıdan gizli saxladığım bir neçə siyahım var. Onlardan biri “sevmədiyim aktyor/aktrisaların sevdiyim filmləri” adlanır. Bu tandemə Jülyet Binoşun (Juliette Binoche) “Şokolad” (“Chocolat”) filmini nümunə çəkə bilərəm. Filmin elə gözəl, özünəməxsus ab-havası var ki, Binoşun siçana oxşayan siması da yaddan çıxır. Sanki hər səhnəsindən bihuşedici kakao ətri gəlir, şokolad dəlisi olmayan da ekranda hazırlanan şokoladların dadına baxmaq istəyir. Bundan başqa, Conni Deppin (Johny Depp) canlandırdığı qəhrəmanın hər dəfə ona təklif olunan şokoladla bağlı dediyi “çox yaxşıdır, amma ən çox xoşladığım deyil” cümləsi də sonradan lüğətimdə zərb-məsələ çevrilmişdi. İstənilən qeyri-müəyyən məqamda istifadə edirdim.

“Şokolad” (2000) filminin posteri

Filmin ingiltərəli yazıçı Coann Harrisin (Joanne Harris) eyniadlı romanı əsasında çəkildiyini bilirdim. Uzun müddətdir bu yazıçıdan nəsə oxumaq istəyirdim. Nəhayət, seçimimi etdim. Onu da sırf adına görə: “Dörd hissəyə bölünmüş portağalın beşinci dilimi(“Five Quarters of the Orange”).

Ədyalım, kindle-im və portağalım

Harrisin qələminə çox böyük ümid bəsləyirdim. İnanırdım ki, bu əsəri də “dadlı” olacaq, bütün roman boyu portağalın ətrindən həzz alacam. Yanılmışdım… Harris həqiqətən “dadlı”, “iştahaçıcı” yazır, di gəl ki, buradakı portağal ətri özündə başqa bədii yük daşıyırdı. Həzz deyil, ağrı yaşatdı.

Hadisələr Fransanın Le-Lavöz kəndində cərəyan edir. Mirabel Dartijan adlı dul qadın üç uşağı ilə birlikdə bu kənddə yaşayır. Qadın öldükdən sonra böyük oğluna (Kassis) ferma, ortancıl qızına (Ren-Klod) bahalı çaxır ehtiyatı, kiçik qızına (Frambuaz) isə reseptlər dəftəri və turşuya qoyulmuş yerdombalan gömbələyi miras qalır. İlk baxışda ədalətsiz bölgüyə oxşayır. Amma tələsməyək, çünki Mirabel xanım köhnə qurdlardandır, nə elədiyini yaxşı bilir.

Yaşa dolmuş Frambuaz anasının dəftəri ilə bir vaxtlar ailəlikcə qaçmalı olduqları kəndə geri qayıdır, burada kafe açıb işlətməyə başlayır. Amma kimliyini gizlədir. Belə ki, bütün kəndin Dartijan ailəsindən zəhləsi gedir. Bunun da bir səbəbi var.

Hadisələr iki zaman kəsimində cərəyan edir: müasir dövrdə Frambuaz anasının resept dəftərindən gündəlik kimi istifadə etdiyini aşkarlayır, ordakı qeydləri oxuduqca keçmişə – almanların işğalı dövrünə səyahət edir, doqquz yaşı olanda baş vermiş hadisələri xatırlayır, bu fonda sirlər aydınlaşır, sandıqlar açılır, pambıqlar tökülür. Verilmiş halda pambıq rolunu nifrət, ədavət, qərəz oynayır.

Coann Harris şəxsi kitabxanasının önündə

Frambuaz bacı-qardaşı ilə birlikdə kənd camaatını alman zabitinə satır, əvəzində rüşvət kimi hədiyyə alırlar. Onlar niyə belə edirlər? Çünki evdə heç vaxt sevgi görməyən, kol-kos kimi öz-özünə böyüyən uşaqlardır. Anaları mehriban, şirindil deyil, əskinə qəddar, əzazil və tələbkar bir qadındır. Alman zabitinin şirin bir sözünə belə aldana bilirlər. Bütün bunlar Frambuazın, dolayısı ilə müəllifin bizə sırımaq istədikləridir. Bəs bütün bunların fonunda mən nə gördüm? Müharibə dövründə üç uşaqla tək qalan, sevgisini yalnız uşaqlarının qarnını tox tutmaq, onları və fermanı təmiz saxlamaqla göstərən xəstə bir ana. Hər gün saatlarca şiddətli baş ağrılarına dözmək məcburiyyətində qalan, bir gecə rahat yatmaq üçün ən əziz adamlarını belə bir həb morfiyə satmağa razı olan ümidsiz bir qadın. Uşaqları tərəfindən sevilməyən, baş ağrıları daha da güclənsin deyə balaca qızı tərəfindən yastığının altına portağal qabıqları qoyulan qürurlu bir qadın.

Hadisələri nəql edən Frambuazın vicdan əzabı çəkdiyinə zərrə qədər inanmadım. Çünki heç çəkmirdi də. Müəllifin daim onu sudan quru çıxarmağa çalışması məni çox hirsləndirirdi. Uşaqların əzazil olduğunu, zalım və daşürəkli olduğunu öz təcrübəmdən, öz əməllərimdən də bilirəm. Ancaq onu da bilirəm ki, ağlı başında olan yetkin insan uşaq vaxtı elədiyi pis əməllərə görə sonra peşman olur. Daha özünə haqq qazandırmağa çalışmır.

Müharibə ilk növbədə nə ilə assosiasiya edilir? Aclıq və səfalətlə. Amma Frambuazgilin süfrəsi həmişə gözəl nemətlərlə, təamlarla dolu olurdu. Bu kəndin əhalisi işğal dövründə demək olar, aclıq çəkmir. Düzdür, dolanışıqları bir balaca çətinləşmişdi, lakin böyük yoxluqla üzləşməmişdilər. Bəlkə də uşaqlığı saatlarla çörək növbəsində keçən, kilkədən bişirilə biləcək hər növ yeməyin dadına baxan, şəkər tozundan hazırlanmış qəndi şirniyyat kimi yeyən bir azərbaycanlı kimi bu bolluq mənə qəribə gəlirdi…

“Şokolad” ilə bu əsər arasında oxşar cəhətlər çox idi: hər iki kitabda hadisələr hamının bir-birini cikinə-bikinə kimi tanıdığı kiçik bir qəsəbədə/kənddə cərəyan edir, sonradan həmin icmanın üzvünə çevrilən bir şəxs hamıya meydan oxumağa çalışır və əlbəttə ki, mətbəx səhnələri, dadlı reseptlər. Bütün əsər sanki rahiyəyə bürünüb. Arxasınca şleyf kimi xoş ətir gəlsə də, romandan nifrət yağır, əsərin qəhrəmanları nifrət qusur. Ən sevdiyim portağal qabığı belə lüğətimə nifrət rəmzi kimi düşdü.

ABŞ-da işıq üzü görən kitabın üzqabığı

Hər səhifədə yazıçının fransız anasından gələn Fransa sevgisi hiss olunur. Yeri gəlmişkən, Harris fransız dili və ədəbiyyatından dərs deyib. Qəhrəmanların adı da təsadüfi seçilməyib. Fransız dilində hamısı meyvə adıdır:

  • Mirabel (Mirabelle) – gavalı sortu;
  • Kassis (Cassis) – qara qarağat;
  • Ren-Klod (reine-claude) – yaşıl gavalı;
  • Frambuaz (framboise) – moruq deməkdir.