Helen Fildinq “Bricit Consun körpəsi” (“Bridget Jones’s Baby”, Helen Fielding)

Qatı Bricit Cons həvəskarıyam. Hər il Yeni il ərəfəsində, ya da bayramdan sonra “Bricit Consun gündəliyi” filmini izləmək bir növ vərdişə çevrilib. Seriyanın dördüncü filmi çıxan kimi kinoteatrları sevməyən mən ilk bilet alanlardan olmuşdum. Qızlarla gözümüzdən yaş gələnədək gülmüşdük. Artıq həmin vaxt ekran işinin əsər əsasında çəkildiyini, ancaq ssenariyə bəzi dəyişiklər edildiyini bilirdim. Lakin bu qədər fərq olacağını gözləmirdim. Kitaba bir sözlə və ya bir ifadə ilə təsvir etmək lazım gəlsə, “ətalətin gücü” söz birləşməsindən istifadə edərdim. Yazıçının o gözəl yumor hissindən, istehzalı üslubundan əsər-əlamət qalmamışdı. Sanki “bulvar romanı” oxuyurdum.

Ən yaddaqalan sitat: “Çalış, məsələyə müsbət tərəfdən bax. Sən eyni zamanda həm pensiya, həm uşaq pulu alacaqsan“.

Yoahim Mariya Maşado de Assis “Don Kasmurro” (“Dom Casmurro”, Machado de Assis)

Bu kitabı inişil Beynəlxalq Bakı Kitab Yarmarkasından əldə etmişdim. Roman elə ilk dəfə həmin sərgidə oxuculara təqdim olunurdu. Bu kitabı almağıma müəllifin braziliyalı olması və “portuqaldilli ədəbiyyatın Şekspiri” hesab edilməsi səbəb olmuşdu. Zira bu vaxta qədər əsərlərini mütaliə etdiyim cəmi iki braziliyalı yazıçı olub: Paulo Koelyo və Jorji Amadu. Paulo Koelyonu çıxsaq, Latın Amerikası ədəbiyyatı nümunələrini oxuyanda həmişə özümü çirkli, üstümü-başımı toz-torpaq içində təsəvvür edirəm. Sanki əsrlərdir hamamın nə olduğunu bilmirəm, elə hey 40 dərəcə temperatur altında külüng döyürəm. Ancaq “Don Kasmurro” mənə bu cür hisslər yaşatmadı. Təkcə elə buna görə ona “çox sağ ol” düşür.

Roman kiçik fəsillərdən ibarətdir. Hadisələr dinamik inkişaf edir. Di gəl ki, müəllifin dili çox ləngdir. Ya da baş qəhrəman Bentinyo mənə Orxan Pamukun Kemalını xatırlatdığı üçün belə qərəzli münasibət sərgiləyirəm. Annotasiya iddia edir ki, kitab “qadın xəyanəti”ndan bəhs edir. Məncə burada əsas mövzu varlı, xudbin, ərköyün yeniyetmənin skeptik bir qocaya çevrilməsidir.

Ən yaddaqalan sitat: “Heç şair Ludoviko Ariostonun təxəyyül dünyası uşaq və ya aşiq olan insanın təxəyyül dünyası qədər geniş ola bilməz“.

Nana Ekvtimişvili “Armudlu düzəngahı”

Gürcü ədəbiyyatına olan sevgim məni tanımadığım bir yazıçının kitabını almağa vadar etdi. Əsərdə seksual qısnamaya, zorakılığa məruz qalan internat uşaqlarının çətin həyatından bəhs edilir. Ümumilikdə, roman bədii əsər təsiri bağışlamadı, sanki hansısa jurnalistin geniş araşdırmasını oxuyurdum, qəlbimin sarı simlərini hərəkətə gətirmədi. O qədər uşaq adı var idi ki, kimin kim olduğunu əzbərləyənə qədər kitabı yarıladım. Əsərin əvvəlində baş verən hadisə (Serqo adlı bir oğlan uşağı avtomobilin altında qalaraq ölür) Elina Hacıyeva insidentini xatırlatdı.

Sənin sevincinə şahidlik etmiş birinin öhdəliyini yerinə yetirməyib, həmin sevincin yaşanmasına icazə verdiyi üçün cəzalanması çox pis şeydir. Həmin biri bağdan oğurluq edən uşaqları tutmayan və buna görə güllələnib öldürülən it olsa belə… Kitab  bu miskin mənzərə və səbirsizliklə gözlədiyim gözəl sonluğu ilə yadımda qalacaq.

Ən yaddaqalan sitat: “Sevgi bütün dillərdə eyni hisslərlə ifadə olunur“.

Boris Vian “Qəbrinizə tüpürməyə gələcəm” (“J’irai cracher sur vos tombes”, Boris Vian)

Yazıçının “Günlərin köpüyü” əsəri mənə elə böyük estetik zövq yaşatmışdı ki, rəfdən bu kitabı əlimə alıb düz kassaya yaxınlaşmışdım. Üstəlik, adı da cəlbedici idi. Dərhal gözümün qabağına köhnə direktorum və bəzi üzdəniraq qohumlarımız gəlmişdi.

Sonra bir balaca araşdırma apardım. Məlum oldu ki, 1946-cı ildə işıq üzü görən bu kitab böyük qalmaqala, müzakirələrə səbəb olub. Təəccüblü deyil. O qədər bayağı pornoqrafik səhnə var idi ki, adamın bəzən qusmağı gəlirdi. Sanki 90-cı illərdə hamının gizlincə aldığı, amma heç kimin etiraf etmədiyi “Oxu məni” qəzetindən məqalə oxuyurdum. Öz aləmində irqi ayrıseçkiliyə, rasizmə və bunun əks effekt doğurmasına diqqət çəkməyə çalışan müəllif, ruslar demiş, “переборщил”. Qəhrəmanımız rasizmin qurbanı olan balaca qardaşına görə qisas almaq qərarına gəlir. Vəəə… Türk seriallarındakı kimi ən “kəndçi” yolu seçir: düşmən düşərgəsindəki qadınlarla yatmağa, onları alçaltmağa başlayır.

Bilərəkdən ajiotaj yaratmağa, “arının yuvasına çöp soxmağa” çalışan məşhurlardan həmişə acığım gəlib. Vian da qələmə aldığı bu “bərbad” şeyin nə ilə nəticələnəcəyini çox yaxşı bildiyindən kitabı öz adı ilə deyil Sallivan təxəllüsü altında çap etdirib.

Bu əsər həmçinin yazıçının “qatili” hesab edilir. Belə ki, 1959-cu ildə kitab əsasında ekranlaşdırılan filmin premyerasında iştirak edən Vian on dəqiqə sonra huşunu itirib, xəstəxanaya çatmadan elə yoldaca dünyasını dəyişib.

Ən yaddaqalan sitat: “Axı bu ölkədə cəsarətli olmaq çox asandır: hər kəsin bildiyini söyləmək yetər“.

Mixail Bulqakov “Qaçış” (“Бег”, Михаил Булгаков)

 Yazıçının seçilmiş əsərləri arasında yer aldığı üçün bu pyesi oxudum. Axmaq bir vərdişim var. Kitabı başa çatdırmamış, onu bir kənara ata bilmirəm. Əsər Rusiyadakı vətəndaş müharibəsi, həmin müharibədən sonra mühacirət həyatı yaşayan rusların həyatından bəhs edir.

Pyes bir onunla yadımda qaldı ki, vaxtilə Stalin mətndə “ideoli düzəlişlərin” edilməsini tələb edib, amma yazıçı imtina edib.

Müstəqillik dövründə bu mövzuda qələmə alınmış bir pyesin niyə hələ də “Seçilmiş əsərlər”ə daxil edildiyini başa düşmürəm.

Ən yaddaqalan sitat: “Ac qalmaram, mənim prinsiplərim yoxdur“.

Mixail Bulqakov “Kabbala mömini/Molyer” (“Кабала святош”, Михаил Булгаков)

Pyes görkəmli fransız dramaturqu, aktyor Jan Batist Molyerdən, amansız tiraniya şəraitindəki faciəsindən bəhs edir.

İncəsənət teatrı yazıçının əsərini səhnələşdirməyə razılıq versə də, iki ay sonra sovet senzurası pyesə qadağa qoyub. Yalnız altı aydan sonra – Stalinlə Bulqakov arasında söhbət baş tutduqdan və Maksim Qorkinin müdaxiləsindən sonra pyesin səhnəyə qoyulmasına icazə verilib. Senzura əsərdə dəyişilikliyin edilməsini tələb edib. Pyesin adı “Molyer”ə dəyişdirilib, mətnin bir hissəsinə düzəlişlər edilib: məsələn, Molyerin “Mühakiməsiz tiraniyaya nifrət edirəm” replikası “Kral tiraniyasına nifrət edirəm”ə dəyişdirilib.

Anton Çexov və 4 pyesi

Fyodor Dostoyevski “Cinayət və cəza” (“Преступления и наказания”, Федор Достоевский)

Robert Pirsiq “Zen və motosiklet təmiri sənəti”  (“Zen and the Art of Motorcycle Maintenance: An Inquiry into Values”)

Can Yılmaz “Klişe həyatlar mətbəəsi” (“Klişe hayatlar matbaası”)

 20 hekayədən ibarət kiçik bir kitabdır. Evə istənməyən qonaq gələndə, kənara çəkilib, özünü “oxuyurmuş” kimi göstərmək, baş qatmaq üçün yaxşı variantdır. Topluya daxil olan hekayələr arasında ən çox üçüncünü bəyəndim: “Hediyesi 35 kuruş” (Kitabxanadan götürdüyü kitabı xoşladığı sinif yoldaşına oxumağa verən, təhvil tarixi keçsə də, qızdan almaqdan utanan balaca oğlandan bəhs edir), “Size de çıkabilir” (məhlədə baş verən oğurluq üstündə səhvən tutulan, rəisin yeni il yolkasındakı işıqları yandıra bilmədiyi üçün adının “pis usta” çıxacağından ehtiyat edib, günahı üzərinə götürən elektrik ustası haqqındadır), “Sahibinden emsalsiz” (hekayənin əsas qayəsi: fırıldaqçı ətrafında olan hər kəsi fırıldaqçı bilir). Kitabı oxuduqdan sonra Can Yılmazın aktyor və rejissor qardaşı Cem Yılmazın “Kara komik” seriyasından iki filmə baxdıq: “Kaçamak” və “İki arada”. Birinci “bir köpüklük” ekran işi olmasa da, ikinci normal idi. İkinci filmin qəhrəmanı bərənin yeməkxanasında ofisiant işləyən Ayzekdir. Ayzek sevdiyi qıza tost hazırlayanda kaşarını bol edir. Bu, Can Yılmazın “Benanın çatalı” hekayəsindəki bir səhnəni xatırlatdı. Orda da tostçu Benan sevdiyi qızın gözünə girmək üçün eyni fəndə əl atırdı.

Uilyam Qoldinq “Şpil” (“The Spire”, William Golding)

Pukka “Yaxşı, bəs indi?” (“Peki ya şimdi?”, Pucca)

Pukkanı 4 il əvvəl “Twitter” vasitəsilə tanımışdım. Daha doğrusu, internetdə dolaşan “O adam buraya gelecek” kitabını görmüşdüm. Oxucular kitabın gülməli olduğunu deyir, onu çoxlu tərifləyirdilər. Həmin vaxt çətin dövrdən keçirdim, gülməyə ehtiyacım var idi. Öyrəndim ki, sən demə xalam qızı da tərifləri görüb, kitabı sifariş edib. Ondan aldım oxudum, kefim xeyli düzəldi. Sonra məlum oldu ki, əsər müəllifin sayca beşinci kitabı imiş. Pukka gündəlik tərzində başına gələn hadisələri qələmə alırmış. Elə-elə Pukkanın bütün günlüklərini oxudum, bu azmış kimi, birinci əsəri əsasında ekranlaşdırılmış “Hadi inşallah” filmini də izlədim. İndi Pukkanı həm də Instagram-dan izləyirəm. Onu ruhən özümə yaxın hiss etməsəm də, nələr çəkdiyini çox yaxşı başa düşürəm.

 “Yaxşı, bəs indi” sayca yeddinci və sonuncu günlükdür. Karantində kitabı əlimə alanda bol-bol güləcəyimi düşünmüşdüm. Amma tam əksi oldu. Kefim pozuldu, xeyli əsəbləşdim. Ürəyim soyumadı, girdim Pukkanın keçmiş ərini “unfollow” elədim. Hərçənd adım kimi əminəm ki, Pukka baş verənlərin heç 70%-ni kitabda qeyd etməyib. Çünki müəyyən məqamları gizlətdiyi, səmiyyətini necə çətinliklə qoruduğu hiss olunurdu. Başına gələn ən pis hadisələrdən biri mənim də başıma gəlmişdi. Onun həmin an özünü nə qədər tənha hiss etdiyini çox yaxşı bilirəm.

Yəqin müəyyən yaşdan sonra həyatımızdakı gülməli hadisələrin sayı və tezliyi də azalır.

Uilyam Folkner “Səs və qəzəb” (“The Sound and The Fury”, William Faulkner)

Vaşinqton İrvinq “Yuxulu dərə” (“The Legend of Sleepy Hollow”, Washington Irving)

Bu kitabı sırf Conni Deppin, daha doğrusu onun gənclik illərinin xətrinə almışdım. Belə ki, İrvinq Vaşinqtonun “Yuxulu dərə” novellasının motivləri əsasında Tim Börtn eyniadlı film çəkib. Baş rolda da Conni Depp.

Mənim oxuduğum kitab Rusiyanın “ACT” nəşriyyatı tərəfindən işıq üzü görüb. Bura müəllifin dörd müxtəlif kitabından ümumilikdə iyirmi altı novella və hekayə daxildir.

İlk üç hissədəki hadisələr Amerikada cərəyan edir. Daha çox piratların, kənd  camaatının, böyük şəhər sakinlərinin başına gələn mistik, qotik sərgüzəştlərdən bəhs edilir. Bir sözlə, çox incə yumor hissi ilə qələmə alınmış böyüklər üçün qorxulu nağıllar. Müəllifin üslubu tam mən istəyən tərzdə idi: bir cümlə ilə obraza elə gözəl xarakteristika çıxarır ki, matın-qutun quruyur. “Gör götür” dünyasının layiqli nümayəndəsi kimi mən də bəzi xoşagəlməz tanışlarımı təsvir etmək üçün bu fəndlərdən istifadə etmək istəsəm də, nəticə elə də ürəkaçan olmadı.

Kitabın dördüncü hissəsi Vaşinqtonun “Alqambra” kitabındadır və müəllifin İspaniya səfərində əldə etdiyi təəssüratlar əsasında qələmə alınıb. Bu səbəbdən burada şərq əfsanələri çoxluq təşkil edir və kitabda yer verilən hekayələrin çoxu eşq, aşiq, ilk məhəbbət, buta vermək və sair bu kimi mövzulara həsr olunub. Amerikalılar xəzinə axtarır, ərəblər aşiq olmağa qız. Amerikalılar ruhlarla, kabuslarla boğuşur, ərəblər aşiq olduqları qızların dayələri ilə. İllər, əsrlər ötsə də, dəyərlər dəyişməyib.

Kitabı bitirdikdən sonra filmə də baxdım. Rejissor ekran işində hekayənin süjetindən çox kənara çıxıb. O qədər kənara çıxıb ki, əsərdən bircə qəhrəmanın adı, antaqonist haqqında gəzən söz-söhbət və hadisələrin cərəyan etdiyi yerin adı qalıb. Börtn filmə bir az detektiv çalar qatıb. Ekran işində qan çox olmasaydı, vizual effektlər bas-bas “mən 99-cu ilin məhsuluyam” deyə bağırmasaydı, rejissor işini bəyənmək olardı. Kaş Conni Depp bu filmdə olduğu kimi həmişə cavan qalardı.

Ən yaddaqalan sitat: “Onların hamısı ehtiraslı və zəhlətökən idilər. Ümumiyyətlə, bu xüsusiyyət kasıb qohumlara xas xüsusiyyətdir“.

Uilki Kollinz “Ağ libaslı qadın” (“The Woman in White, Wilkie Collins)

Artur Miller və yeddi pyesi

İlya İlf və Yevgeni Petrov “12 stul”

İlya İlf və Yevgeni Petrov “Qızıl dana”

Kurt Vonnequt “Çempionlar üçün səhər yeməyi və ya Əlvida, qara bazarertəsi” (“Breakfast of Champions, or Goodbye Blue Monday”, Kurt Vonnegut)

Pelam Qrenvill Vudhaus “Səhər sevinci” (“Joy in the Morning”, Pelham Grenville Wodehouse)

Bazarlıqda depressiv günlər üçün alınan plitka şokolad kimi Vudhausun da əsərləri məndə eyni məqsədə xidmət edir. Evdə həmişə bir ədəd də olsa oxunmamış Vudhaus əsəri olur. Çətin günlərdə müraciət etdiyim tək-tük yazıçılardandır. Adətən Civs və Vusterin başına gələn mənasız sərgüzəştləri oxuduqca reallıqdan uzaqlaşıb rahatlayıram, müvəqqəti də olsa təskinlik tapıram. Çünki yazıçının təsvir etdiyi dünya bütün problemlərin öz həllini tapdığı, ən ciddi problemin “kimisə başından eləməli”, “kiminsə diqqətini cəlb etməli” olduğu bir dünyadır.

Bu dəfə üz tutduğum roman “Səhər sevinci” idi. Ancaq gözlədiyim nəticəni almadım. Bilmirəm, mütaliə prosesinin təsadüf etdiyi vaxtdanmı, mühitdənmi və ya şəraitdənmi, amma Civs seriyasından ən az bu romanı bəyəndim.

Yusif Vəzir Çəmənzəminli “Studentlər”

Doris Lessinq “Marta Kvest” (“Martha Quest”, Doris Lessing)

Riçard Bax “Conatan Livinqston qağayı” (“Jonathan Livingston Seagull”, Richard Bach)

Biri vardı, biri yox. Conatan Livinqston adlı bir qağayı vardı. O, dəstədəki digər quşlardan fərqli olaraq bütün günü yem barədə düşünmür, “başını aşağı salıb çörək pulunu qazanmır”, uçmaq istəyir, dəstənin qanunlarına etiraz edir, arada “mitinqlərə çıxır” və sürgün olunur. Ancaq o, təslim olmur, dirəşir və istəyinə çatır. Hətta o qədər çatır ki, ardıcılları yaranır, ondan mifik obraz düzəldirlər, peyğəmbər kimi ilahiləşdirirlər.

Əsəri azərbaycanca oxudum. Kitab “Parlaq imzalar” nəşriyyatında işıq üzü görüb. Tərcümə kifayət qədər uğurludur.

Əsər məndə fəlsəfi pritça şəklinə salınmış özünüinkişaf kitabı təəssüratı bağışladı. Ötürmək istədiyi mesajlar çox klişe gəldi: hər şey sənin öz əlindədir, azad olmaq istəsən, heç kim sənin qarşında dura bilməz və sair və ilaxır. Hə, anam, hə… 7 aylıq karantin rejimindən çıxmış Əhmədli sakini də onu deyir elə.

P.S. Müəllif (Riçard Bax) bəstəkar İohan Sebastyan Baxın nəslindəndir.

Terri Pratçett “Xalis pişik”(“The Unadulterated Cat”, Terry Pratchett)

Pişikləri sevirsiniz? Bəs Britaniya yumorunu? Bu iki sualdan birinin cavabı “hə”dirsə, onda bu əsəri oxumağa dəyər. Şəxsən mənim kefim açıldı.

Bleyk Pirs “O bilsəydi” (“If she knew”, Blake Pierce)

Hərdən çox yorğun olanda başımı qatmaq üçün yüngül kitablara üz tuturam. Bu tip kitabları “çərəzlik” kateqoriyasına aid etmişəm. Bleyk Pirsin “O bilsəydi” əsəri bu meyarlara cavab verirdi. Kitabın adına ilk hansı saytda rast gəldiyimi, hardan eşələyib tapdığımı xatırlamıram. Yaxşı ki, xatırlamıram. Ümumiyyətlə, bu əsəri oxuduğumu, belə bir təcrübə yaşadığımı da unutmaq istərdim. Ömrümdə bu qədər klişelərlə zəngin, baş qəhrəmanı (əlli beş yaşlı FTB agenti Keyt Uayz) səbəbi göstərilmədən, boş-boşuna bu qədər tərifləndiyi bir detektiv oxumamışam. Üstəlik, nəzərə alsaq ki, mən detektiv xəstəsiyəm.  Əsər o qədər zəifdir ki, Çingiz Abdullayevlə bağlı etdiyim bütün zarafatları geri götürmüşdüm.

Ən yaddaqalan sitat: “Həyat bir təkərdir, sən ya ona yapışıb qalırsan, ya da düşüb parçalanırsan. Hər iki halda, təkər fasiləsiz fırlanır”.

Şin Qyonq-Suq “Anam sənə əmanət” (“Please Look After Mom”, Shin Kyung-sook)

Əsər kənddən şəhərə uşaqlarının yanına gələn və metro stansiyasında itkin düşən ananın axtarış prosesi üzərində qurulub. Yazıçıların, kinematoqrafların dəfələrlə müraciət etdiyi mövzudur: həyatınızı, dolanışığınızı rahatlaşdıran insan bir gün yoxa çıxır (itir və ya ölür) və yalnız bundan sonra yerdə qalanlar həmin insanın dəyərini başa düşürlər. Bir sözlə, Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeirinin roman versiyası.

Bütün əsər boyu məndə elə bir hiss var idi ki, sanki yazıçı əlində dəyənək arxamda dayanıb. Və əksər oxuculardan fərqli olaraq, mənim ağlamadığımı görüb həmin dəyənəklə məni əzişdirməyə fürsət axtarır.

Əsər Cənubi Koreya cəmiyyətində qadın, ələlxüsus ana olmağın nə demək olduğunu göstərir. Mənzərə insanı iyrəndirəcək qədər tanış mənzərədir. Azərbaycanda istənilən on ailəni götürsək, ən azı altısında Park Sonyo kimi bir qadına rast gələrik: tapış-tupuş vasitəsilə ailə həyatı quran, əri tərəfindən sevgi və hörmət görməyən, ərinin ailəsininin müdaxilələrinə dözən, bütün sevgisini və qayğısını uşaqlarına verən, uşaqlarına görə hər şeyə dözən, arzularından vaz keçən, fon predmetinə çevrilən bir qadın. Yazığım gəldimi? Gəldi! Ancaq bu mərhəmət  sevgidən deyil, töhmətdən doğurdu. Özünə hörmət etməyən insanların nəticədə hörmətə layiq olmadığına dəfələrlə şahid olmuşuq.

Roman beş fəsildən ibarətdir. Hər fəsil ailə üzvlərindən birinin dili ilə nəql edilir.

Birinci fəsil evin böyük qızının dili ilə verilir. Yazıçılıqla məşğul olan bu qızın timsalında uğurlu və müstəqil bir qadınla tanış oluruq. Bu fəsildə savadlı, dünyagörüşlü qızla onun cahil və savadsız anasının münaqişəsi təsvir edilir. Burada məsələyə qız-ana münasibəti kontekstində baxılır.

İkinci fəsil evin böyük oğlu tərəfindən verilir. Bu zaman ananın başqa tərəfləri üzə çıxır və oğul-ana münasibətləri qabardılır.

Üçüncü fəsil atanın dili ilə nəql edilir. Yazıçı bu fəsildə “sonrakı peşmançılıq fayda verməz” mesajı ötürmək istəyir. Mən, ümumiyyətlə, ömrü boyu başqasının hesabına yaşayan bir insanın qəfil 180 dərəcə dəyişə biləcəyinə inanmıram. Bu fəsildə ər-arvad münasibətinə aydınlıq gətirilir.

Dördüncü fəsildə hekayəçi qismində səbəbkarın özü çıxış edir. Sonuncu – beşinci fəsildə isə ananın itkin düşməsindən bir müddət sonra cərəyan edən hadisələrdən bəhs edilir. Son iki fəsil olmasaydı, “Goodreads”-də kitaba verdiyim ulduzların sayı daha az olardı. Sonluq kifayət qədər təsirli idi.

Fredrik Bakman “Oğlum bu dünyanın quruluşu haqqında nələri bilməlidir” (“Saker min son behöver veta om världen”, Fredrik Backman)

İsveçli blogger, köşə yazarı Fredrik Bakmanı “Uve adlı kişi” filmindən sonra tanımışam. Bir-iki kitabını oxumağı planlaşdırırdım. Elə öz körpə oğluna yazdığı əsərlə başlamaq qərarına gəldim. Müəllif bu əsərində məhəbbətin, dostluğun, dinin, “Ikea”nın (bəli, isveç ədəbiyyatıdırsa, “Ikea”sız olmaz), musiqinin və sair bu kimi şeylərin mənasını, valideyn olmağın çətinliklərini, üstünlüklərini yumoristik tərzdə izah edir. Dramatizmdən uzaq səmimi bir əsər alınıb. Kitab yeni valideyn olanlara və ya valideyn olmağa hazırlaşanlara yaxşı hədiyyə olar.

Ən yaddaqalan sitat: “Ümid edirəm, sözləri sevəcəksən – bu, başqa heç bir şeyə bənzəməyən bir haldır”.

Şon Baytel “Kitab satıcısının gündəliyi” (“The Diary of a Bookseller”, Shaun Bythell)

Peter Handke “Solaxay qadın” (“Die linkshändige Frau”, Peter Handke)

Nil Geyman “Koralina” (“Coraline”, Neil Gaiman)

Koralina ona bütün istəklərini həyata keçirəcəyinə söz verən qadının saxta “Arzular” dünyasında qalmaqdansa, həqiqi dünyasına geri qayıdır və bununla da Mixael Endenin Momosundan sonra mənim üçün  cəsarətin simvoluna çevrildi.

Reallıqdan uzaq olan yalançı xoşbəxtlik həmişə həqiqətə, həqiqi olan(lara) uduzacaq!

P.S. “Arzular” ölkəsində qalmaq müqabilində Koralinaya gözlərinə düymə tikmək yerinə daha ağrısız bir yol təklif edilsəydi, əminəm ki, qızcığaz geri qayıtmaq istəməyəcəkdi. Bunu iki uşağa xalalıq etmiş biri kimi deyirəm J

Ən yaddaqalan sitat: “Əsl cəsarət yalnız o zaman meydana çıxır ki, sən dəhşətli dərəcədə qorxursan, lakin fəaliyyət göstərməyə davam edirsən.”

Kazuo İşiquro “Basdırılmış nəhəng” (“The Buried Giant”, Kazuo Ishiguro)

Karlos Ruiz Safon “Küləyin kölgəsi” (“La sombra del viento”, Carlos Ruiz Safon)

Karlos Ruiz Safon “Mələyin oyunu” (“El juego del ángel”, Carlos Ruiz Safon)

Fredrik Bakman “Burada Britt-Mari olub” (“Britt-Marie var här”, Fredrik Backman)

Bernhard Şlink “Pilləkəndəki qadın” (“Die Frau auf der Treppe”, Bernhard Schlink)

Elizabet Gilbert “Qızlar şəhəri” (“City of Girls”, Elizabeth Gilbert)

Haynrix Böll “Kişisiz ev” (“Haus ohne Hüter”, Heinrich Böll)

Coann Harris “Dörd hissəyə bölünmüş portağalın beşinci dilimi” (“Five Quarters of the Orange”, Joanne Harris)

Aqata Kristi “Tələ” (“The Mousetrap”, Agatha Christie)

Klassik ingilis detektivi: çovğuna görə pansiyonda ilişib qalmış, özünü şübhəli aparan bir dəstə insan. Qatilin kim olduğunu elə ilk səhifələrdən tapdım. Deməli, Kristinin gedişlərinə artıq bələdəm. Uzun illər krossvord həll edib, sualların cavablarını əzbərləyən yaşlılar kimi.

Amma bir şey diqqətimi cəlb etdi: mövzu çox aktualdır. Uşaqlıq travmaları bir insandan cani yarada bilir.

Leyla Attar “Kağız qu quşu”(“The Paper Swan”, Leylah Attar)

Başlanğıcda əsərdən “yaxşı triller” ab-havası gəlirdi. Sonra meksikasayağı “Hercai”yə çevrildi. İntiqam, çılğın məhəbbət, qovuşmayan aşiqlər, bir sözlə, bütün klişelər bir arada. Üstəgəl, yataq səhnələrini oxuyanda məndə elə təəssürat yarandı ki, sanki müəllif 90-cı illərdə “Cosmopolitan” jurnalının abunəçisi olub.

Mayk Omer “Qatil ağlı” (“A Killer’s Mind”, Mike Omer)

Lian Moriarti “Böyük kiçik yalanlar” (“Big Little Lies”, Liane Moriarty)

Artur Heyli “Aeroport” (“Airport”, Arthur Hailey)