Hər Yeni İl bayramında bu şəkil və bu şəklin çəkilmə anında baş verənlər yadıma düşür.
1994-cü il idi. Mən ikinci sinifdə oxuyurdum. Bacım Aysel isə bağçanın məktəbəqədər qrupunda. Bağçada keçirəcəkləri son Yeni İl tədbiri olacaqdı. Gəncədə yaşayan xalamız qızı Aynur da bütün bayramlarda olduğu kimi yenə Bakıya təşrif buyurmuşdu.
Həmişəkindən fərqli olaraq, bu dəfə biz bacıların zərrə qədər bu tədbirdə iştirak etmək həvəsi yox idi. Səbəb isə təhsil ocaqlarına, xəstəxanalara hücum çəkmiş bit-birə idi. Bütün valideynlər qabaqlayıcı tədbir kimi problemin həllini övladlarının saçının kəsilməsində, qırxılmasında görmüşdülər. Həmin illər bağçalar, məktəblər lager düşərgələrini xatırladırdı. Keçəl uşaqların sayı günbəgün artırdı.
Bizim də saçlarımız kəsilmişdi. Bacım “al da yaraşır, şal da” kateqoriyasından olduğu halda, mən bir xeyli çirkinləşmişdim. Oğlana oxşamamaq üçün hətta sevmədiyim sırğaları da taxmağa başlamışdım.
Tədbirin rəsmi və bədii hissəsi bitdikdən sonra Şaxta Baba ilə şəkil çəkdirmək növbəsi çatdı. Qəribədir, növbən çatanda hamı bu haqda sənə xəbərdarlıq edirdi. Növbələrin yada salındığı dövrün uşaqları idik. Fotoqraf belə qərara gəldi ki, böyüklər (mən və Aynur) ayaqüstə duraq, bacım isə Şaxta Babanın dizlərində otursun. Elə bu vaxt gördüm ki, bacım qrupdakı yeganə uzunsaçlı qızın başındakı zərli taca baxır. “Sən də tac istəyirsən?”, deyə soruşdum. Cavabı təbii ki, “hə” oldu. Gedib taclı gözəlçədən tacını istədim. O da saçlarımın qısa olduğunu gördü, anasının xəbərdarlığını yada saldı və rədd cavabı verdi. Sakitcə yerimə qayıtdım. Amma hadisə bununla bitmədi. İndiki həyasızlığıma görə xalam qızı Aynura nə qədər təşəkkür etsəm, azdır. Əsrarəngiz əməlləri ilə həmişə bu mövzuda nümunə olmağı bacarıb. O məndən fərqli olaraq, icazə-zad istəmədi, getdi əlini atdı qızın saçlarına, tacı götürdü, bacımın başına qoydu və fotoqrafa “ÇƏK” əmrini verdi.
Bu şəklə baxanda o günkü həmrəyliyimiz yadıma düşür. Sonralar ayrılmaz üçlük olaraq çox belə qələtlər etmişik.
p.s. Şaxta Baba da Həmidə müəllimə idi. Babalarımızın nənə olduğu, hədiyyələrimizin evdən hazırlanıb gətirildiyi, şeir bildiyimizə görə “ağıllı” uşaq sayıldığımız illəri bacım qızı Mehinin sayəsində yenidən yaşayıram. İndi onun da Şaxta Babanın dizində xeyli şəkli var. Ümidvaram, heç vaxt Yeni İl şəkillərinə baxıb bit-birə xatırlamaz.




