İlk baxışdan sevgi olduğu kimi, ilk sətirdən də olur . Bu məhəbbətin adı – Con Steynbekdir, Cek Londondur, Uilyam Qoldinqdir, Ceyn Ostindir, Culian Barnsdır və nəhayət Yukio Mişimadır.
Bu qədər qərblinin müqabilində bir şərqli mütləq bu siyahıda olmalı idi.
Müəlliflə tanışlığa başladığım “Məhəbbət yanğısı” əsəri əzab yanğısı haqqındadır. Bəlkə də məhəbbət elə əzab çəkməkdir, ya da əzab çəkməyi arzulamaqdır.
Çoxsaylı sevgililəri ilə öyünən, bu faktdan arvadını qısqandırmaq üçün istifadə edən Rösuke öldükdən sonra ömür-gün yoldaşı Esuko qayınatası Yakitinin dəvəti ilə Tokiodan Mayden adlı şəhərciyə köçür. Maydendə onu qayınatası ilə yanaşı Suqimoto ailəsinin digər üzvləri – qaynı Kensueke və onun arvadı Tieko, Sibirdə olan o biri qayının arvadı Asako və iki uşağı, bağban Saburo, xidmətçi qız Miö və Maqqi adlı it gözləyir. Bütün bu adları sadalamağa məni yapon isimlərinə duyduğum sevgi deyil, hər bir personajın yaradılmış tam obraz olması vadar edir.
Əsərin qəhrəmanları Esuko-Yakiti-Saburo üçlüyü olsa da, sanki digər personajlar xorla Kutzeenin bu sözlərini oxuyur:
Özünü elə aparırsan, elə bil, mənim bütün hərəkətlərim səndən bəhs edən bir hekayənin hissəsidir. Sən baş qəhrəman, mənsə pyesin yarısı oynanıldıqdan sonra ortaya çıxan ikinci dərəcəli personajam. Başa düş, sənin özün haqqında hansı fikirdə olduğundan asılı olmayaraq, insanlar əsas və ikinci dərəcəli aktyorlara bölünmürlər. Mən ikinci dərəcəli deyiləm.
Dul gəlininə tamah salan qayınata və bu ehtirasa etiraz etməyən, eyni zamanda evin cavan bağbanı – Saburoya aşiq olan gəlin – bəli, vulqar səslənir. Ancaq Y.Mişimanın qələmi oxucunun ödünü ağzına gətirməkdən çox zövqünü oxşayır.
Esuko və qayınatası Yakiti |
Sanki bu sətirləri yazıçı deyil, külək yazıb. Sanki sözləri yazıçı deyil, təbiət seçib. Vərəqləri çevirdikcə saçlarını meh oxşayır, sakuro çiçəklərinin ətri gəlir (halbuki ömrümdə bu ətri iyləməmişəm). Sanki bütün bədbəxtliklər göl kənarında oturub qurbağa quğultusuna qulaq asmaq kimi adi bir şeydir. Yapon, koreya, çin, bir sözlə, “tumgöz” mədəniyyəti kimi, təbiətlə bu qədər ahəngdə olan ikinci bir mədəniyyət tanımıram.
Sevgi, dostluq, xəyanət, sədaqət və s. kimi anlayışlara tərif verib dəyər biçəndə şəxsi təcrübəmiz, oxuduqlarımız, gördüklərimiz və bildiklərimiz bir mənbə kimi köməyimizə gəlir. Hər birimizin sevgisi müqayisə etdiyimiz, bəlkə də yamsılamağa, bəzən isə təqdir etməyə çalışdığımız mənbə qədər güclü, tərkibi onun qədər zəngin, sevgimiz onun qədər davamlıdır. Nümunə götürdüyümüz şəxsin, real və xəyali olmasından asılı olmayaraq, xüsusiyyətləri böyük əhəmiyyət daşıyır.
Esukonun özünə kimi nümunə götürdüyünü bilirəm – xəyanətkar əri Rösukeni. Ərinin aldatmaq qabiliyyətini deyil, istənilən üsulla ağrıtmaq qabiliyyətini canına-qanına hopduran bu qadının sevgisi mazoxizm elementləri ilə zəngindir. Esukokimiləri tanıyıram. Ağrı çəkmədən, bədbəxt olmadan, bayquş kimi ulamadan yaşaya bilmirlər. Əzab, əsas da mənəvi əzab onları ayaqda tutan, yaşadan yeganə şeydir. İstənilən anda kədərlənməyə, şübhəyə düşməyə, qısqanmağa bəhanə tapırlar. Bu əslində xasiyyət deyil, heç vaxt sevilməyən qadının taleyidir.
Əsər əsasında çəkilmiş film: “Məhəbbət yanğısı”(1967)
p.s. Qərb oxucuları bu əsəri şərq ədəbiyyatının “Madam Bovari”si adlandırır. Bu bənzərlik ilə razılaşdığım və razılaşmadığım məqamlar oldu. Hərçənd Esukonu “xəyanətkar qadınlar” siyahısına daxil etməzdim.
Yazıçı haqqında maraqlı faktlar:
- Əsl adı Kimitake Xiraokadır.
- “Mi-si-ma” təxəllüsdür, hərfi mənası “Ölümə heyran olmuş iblis” deməkdir.
- Yapon estetizm ənənələrinin davamçısıdır.
- Üç dəfə Nobel mükafatına layiq görülüb.
- Tərbiyəsi ilə nənəsinin məşğul olması, çoxsaylı xəstəliklərə görə öz cinsindən olan yaşıdları ilə oyunlardan təcrid olunması müəllifin danışığında qadın nitqinə xas olan üslubun yaranmasına səbəb olub.
- Mişima uşaq vaxtı yaralanıb, ölüm ayağında olan gözəl sərkərdələrin şəklini çəkirdi. Və Janna D’arkın kişi deyil, kişi paltarı geyinmiş qadın olduğunu biləndə çox pis olmuşdu. O vaxtdan bəri kişi paltarı geyinən qadınlara nifrət edir və həyat yoldaşı şalvar geyinəndə özündən çıxırdı.
- O, özünü qadın kimi aparan kişilərə nifrət edirdi. Yaponlar Mişima kimi kişiləri “iki qılınc gəzdirən” adlandırır – bu da o deməkdir ki, o, həm kişilər, həm qadınlarla əlaqədə ola bilsə də, həmcinslərinə üstünlük verirdi.
- Yazıçının ilk ”Siqaret” və “Orta əsrlər” hekayələri Yasunari Kavabatanın havadarlığı ilə dərc edilib. Buna görə Y.Mişima ömrünün sonuna kimi Y.Kavabataya “müəllim” deyə müraciət edib.
- Maliyyə nazirliyində məmur vəzifəsində çalışan, eyni zamanda yazıçılıqla məşğul olan Mişima orqanizminin taqətdən düşməsi nəticəsində dəmiryol platformasından yıxılaraq az qala qatar altına düşəcəkmiş. Bu hadisədən sonra 1948-ci ilin sentyabrında Mişima vəzifəsindən istefa edir və özünü tamamilə ədəbiyyat fəaliyyətinə həsr edir.
- 1951-ci ildə dünya səyahətinə çıxan yazıçı Yaponiyaya qayıtdıqdan sonra, təqribən 1955-ci ildən başlayaraq həm üslubunda, həm yaşayış tərzində dəyişikliklər edir. Bodibildinqlə məşğul olmağa başlayır. 1960-cı ildə isə bodibildinqlə yanaşı kendo idman növündə də məşqlərə başlayır. Yasudzo Masumuranın “Karakkadze yaro” filmində baş rolda və məşhur fotoqraf Eyko Xosoenin albomunda çəkilməklə Mişima məqsədli şəkildə mətbuatda bədənindən kult yaratmağa başlayır.
- 1970-ci il noyabrın 25-də Y.Mişima “Sipər cəmiyyəti”ndən olan silahdaşları ilə birgə rəsmi səfər adı ilə İtiqayadakı dəniz qoşunlarının bazasına yollanır. Müharibədən sonrakı dövrdə Yaponiyanın zəngin tarixinin, ənənələrinin, samuray şərəfinin yerini pul uğrunda qaçış yarışına verməsi yazıçını çox narahat edir. Bu səbəbdən baza komandirini əsir götürərək, hərbçinin kabinetinin eyvanından əsgərləri dövlət çevrilişi etməyə çağırır. Lakin yazıçının nitqi əsgərlər tərəfindən ciddi qəbul edilmir. Mişima vəziyyətin çıxılmazlığını görüb xarakiri edir. Yazıçının yoldaşı Morita bir neçə dəfə Mişimanın başını kəsmək istəsə də, bütün cəhdləri uğursuz alınır, bundan sonra qılıncı digər yoldaşları Koqa əlinə alır və yazıçının başını kəsir.
Müəllifin həyatı haqqında sənədli film: “Mişima: Dörd fəsillik həyat” (1985)
Müəllif haqqında maraqlı məqalələr (həvəsiniz olsa):
3. Yukio Mişima