Kitablara həsr olunan filmləri xüsusi sevirəm. Hətta ən banal süjetliləri belə. Bilmirəm niyə, amma fonda, yaxud dəyişən səhnələrdə tez-tez kitab görmək zövqümü oxşayır. “This Beautiful Fantastic” (2016) göz zövqümə xitab edən filmlərdən oldu. Kitabxanada işləyən və eyni zamanda uşaqlar üçün əsər yazmaq istəyən Bella Braunun və qonşularının hekayəsi xoşuma gəldi. Nə hikmətdirsə, bu aralar çoxlu kitab oxuyan qızların da adı Bella olur (bax: “Gözəl və bədheybət”ə).
Nizam-intizam xəstəsi, qoyulan qaydalara riayət etməyi xoşlayan, gigiyena və təmizlik aludəçisi, təbiət və yad insan qorxusu olan Bellanın digərlərinə əhəmiyyətsiz, bəlkə də gülünc görünən qayğılarını, hamının yetərsiz hesab etdiyi mübarizəsini elə yaxşı başa düşdüm ki. Həyatına başqa insanları soxmadığın, yeni macəralara qucaq açmadığın müddətcə ən böyük problemin elə stolun üstünə tökülən duz və çörək qırıntıları, palçığa bulaşmış rezin çəkmələr və işə gecikmək istəməməyin olacaq. Elə ki, təpikləyə-təpikləyə də olsa səni istəyinə doğru aparan yaxşı insanlar həyatına girdi, qıfıllanıb qıfıllanmadığından ehtiyat etdiyin qapıları özün taybatay açıb çölə qaçacaqsan, dəmirdən hazırlanmış quş da olsan, uçacaqsan, sevəcəksən, seviləcəksən, dostluğun və səmimi söhbətlərin dadını çıxaracaqsan.
Bella Braunu ingilislərin Amelisi hesab etmək olar. Onun qədər nikbin, gülərüz olmasa da, onun qədər al-əlvan geyimləri xoşlamasa da. Hərçənd ingilislərdən bundan artıq Ameli gözləmək də ağılsızlıq olardı.
Nə hikmətdirsə, qəhrəmanların çoxunu seriallardan tanımışam: Bellanı “Daunton abbatlığı”ndan, Vernonu “Şerlok”dan, kitabxana müdirəsini “Qürur və qərəz”dən. Onları yenidən bir arada, amma fərqli ampluada görmək necə xoş idi. Əsas da könlümün sultanı Moriartini.
Obrazların fərqli vərdişləri, sevimli məşğuliyyətləri olanda çox xoşuma gəlir: güllərə allergiyası olan əkiz uşaq atası aşpaz Vernon, dadlı təamlardan zövq alan bağban Elfi və yaşıllıqla yola getməyən yazıçı Bella.
İki bağbanın dost olması normal haldır. Amma bağbanla, kol-kosa nifrət edən, ağaclardan qorxan və güllərin gözəlliyini görməyən birinin dost olması qeyri-mümkün olmasa da, çətindir. Və əsl bağban o adama deyilir ki, çətini mümkün etsin, işin gözəlliklərini sənə nümayiş etdirmək və prosesi sənə sevdirməkdən əlavə, həmin işin içində yer almağına şərait və istək yaratsın. Elfini bu cəhətdən atama oxşatdım. Sevdirmək texnikasındakı qabalığı və kobudluğu da öz yerində.
Filmin rejissoru mən olsaydım, sonluğu dəyişdirərdim. Mənə ən zəif gələn yer məhz sonluq oldu.
p.s. Bağban Elfinin İran səfərindən danışdığı səhnədə Xəzər dənizinin adını da eşidəcəksiniz. Və sonda Bellanın əsərində Xəzər dənizinin əslində dəniz deyil, dünyanın ən böyük gölü olduğu vurğulanacaq. Multikulturalizm siyasətinin nəticələrini növbəti filmlərdə görmək ümidi ilə.