“Mavritaniyalı” (The Mauritanian, 2021) Məhəmməd Uld Slahinin (Mohamedou Ould Slahi) “Quantanamo gündəliyi” (Guantánamo Diary) əsasında ekranlaşdırılıb.

Slahi 11 sentyabr terror hadisəsindən sonra Amerika xüsusi xidmət orqanları tərəfindən Mavritaniyada ələ keçirilir. İordaniya və Əfqanıstanda dindirildikdən sonra Quantanamo həbsxanasına göndərilir. Amma ona qarşı heç bir ittiham irəli sürülmür. Və o, düz on dörd il (on dörd il, Karl!) məhkəməsiz, hökmsüz həbsxanada qalır.

Slahinin vəkili Nensi Hollander (Nancy Hollander) – filmdə onu Cudi Foster (Jodie Foster) canlandırır, yəqin, “Quzuların səssizliyi” (“The Silence of the Lambs”, 1991) filmindən sonra damağında dad qalıb – ABŞ müdafiə naziri Donald Ramsfeldin (Donald Henry Rumsfeld) Məhəmmədə qarşı “xüsusi dindirilmə metodları”ndan istifadə edilməsinə əmr verdiyini bildirib.


Genişləndirilmiş dindirilmə metodları və ya gücləndirilmiş dindirilmə texnikası (Enhanced interrogation techniques) Amerika güc strukturları tərəfindən Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) gizli həbsxanalarında, o cümlədən Quantanamo və Əbu-Qreyb həbsxanalarında məhkumlara qarşı kültəvi şəkildə tətbiq edilən işgəncələrə deyilir. Beynəlxalq “Human Rights First” və “Physicians for Human Rights” təşkilatlarının məlumatına əsasən, su ilə boğma, döymə, hipotermiya (bədən temperaturunun aşağı düşməsi), narahat pozada saxlama, psixoloji təzyiq, yuxudan məhrum etmə, musiqi ilə işgəncə, seksual təhqir və s. bu kimi işgəncə metodlarından istifadə edilib. Filmdə bu səhnələr elə göstərilir ki, qəhrəmanla yanaşı tamaşaçı da, ən azından mən eyni işgəncələrdən keçdim. Amma mənə ən təsir edəni nəzarətçilərin bilərəkdən məhkumların oxuduqları kitabların son fəslini cırmaları oldu. Adam bəzən işgəncəyə dözə bilir, ancaq cındırlığa yox.

Slahi boş oturmur, ingilis dilini öyrənir və 466 səhifəlik memuar yazır (“həyat sənə limon verirsə” məsəli). Vəkillər əlyazmanı jurnalist Larri Simsə (Larry Siems) ötürürlər. O da öz növbəsində kitabı redaktə edir. Əsərin hər səhifəsi hərbi senzor tərəfindən diqqətlə yoxlanılır. Bir neçə il kitabın nəşrinə icazə verilmir. Memuar 2015-ci ildə işıq üzü görür. Həmin vaxt Slahi hələ də ittihamsız həbsxanada saxlanılırdı. Filmin sonunda Məhəmməd müxtəlif dillərdə çap olunan kitabının nüsxələrini göstərir. Maraqlı kadrlar idi.

İstifadə edilən metodun qanuniliyi və humanistliyi Amerika ictimaiyyətində geniş rezonansa səbəb olur. 2005-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin videoarxivlərini böyük bir hissəsi məhv edilir.
Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi Xuan Mendes (Juan E. Mendez) “su ilə işgəncənin qanunsuz və amoral” olduğunu bəyan edir. 2008-ci ildə isə Demokratlar partiyasından 56 konqresmen müstəqil araşdırma tələb edir.

Film yadımda həmişə bu kadr və Tahar Rəhimin (Tahar Rahim) gözəl ifası ilə qalacaq.



