“Məni heç vaxt tərk etmə” (“Never Let Me Go”) əsərini bəyəndiyim üçün İşiquro yaradıcılığına bir daha müraciət etmək istədim. “Basdırılmış nəhəng” (“The Buried Giant”) və “Dəyişən dünyanın rəssamı” (“An Artist of the Floating World”) arasından seçimim birincidən yana oldu. Dedim, nəsə yeni bir şey sınayım. Fentezi janrında ilk addımlarımı atım. Halbuki bu janrı zərrə qədər sevmirəm. Hiss edirəm ki, bu etirafımdan sonra “Taxt tac oyunları”nın (“Game of Thrones”) həvəskarları Serseya kimi saçımı kəsib məni daşa basacaqlar. Ondan fərqli olaraq, dublyorum da yoxdur.

Əsər Aksl və Beatris adlı qoca ilə qarının oğullarını görmək üçün qonşu kəndə yola düşməsi ilə başlayır. Ahıl cütlük bu yolda döyüşçü, yeniyetmə oğlan və qoca cəngavərlə rastlaşır. Hadisələr inkişaf etdikcə məlum olur ki, bu insanların taleyi keçmişdə bir-biri ilə kəsişib və onlar yaşanan bir çox şeyi – müharibəni, qırğınları, müsibətləri – unudublar. Belə ki, Kveliq adlı əjdahanın nəfəsi duman kimi ətraf əraziləri bürüyür və əhalinin keçmişi unutmasına səbəb olur.

Yazı üslubu bir balaca dinamik olsaydı, əsərin janr siyahısına triller sözünü də əlavə etmək olardı. Zira süjetdə o potensial var idi. Sonra da fikirləşirsən ki, üslubu dəyişsən, onda bu, İşiquro olmaz ki… Bu, sevdiyin insanın sevmədiyin xüsusiyyətlərini dəyişib, nəticədə alınan insanın sevdiyin insandan çox uzaq olacağından qorxmaq kimi bir şeydir…
Halbuki süjetin dinamik olması üçün bütün mistik elementlər var idi: əjdahalar, adamyeyən divlər, qulyabanılar, cadugərlər… Di gəl ki, bütün bunlar sanki yavaşladılmış kadrda Yaponiyada çay içirdilər. Hadisələr eyni tempdə davam edir, hərdən adamın canı sıxılırdı. Elə bil, İşiquro bu priyomla oxucunu da uyuşdurucu dumanın təsirinə məruz qoymaq istəyirdi. Ən azından mən yuxulayırdım. Maraq qatmaq üçün bir oyun fikirləşdim: təsvir edilən səhnələrlə günümüzün reallığı arasında paralellər aparmağa başladım. Məsələn, iki xalq arasında döyüşlər bitib, müvəqqəti sülh əldə olunandan sonra xatirələri silən dumanı indiki dövrün “beyinləri yuyan” təbliğat maşınına bənzətdim.

Sosial şəbəkələrdə yayılan dezinformasiyaya nümunə kimi bu səhnəni göstərə bilərəm:
“Axmaq bir cavan oğlan and içir ki, bir qulyabanının hasara dırmaşdığını görüb və indi bizi müşahidə etməklə məşğuldur. Yəqin ki, yaranan çaxnaşmani təxmin edirsiniz. Məlumatın yalan və ya doğru olduğunu öyrənmək üçün güclə dəstə topladım. Əlbəttə, dediyi yerdə gecə qaranlığından başqa heç nə yoxdur, amma o durmadan qulyabanının orada olduğunu, bizə baxdığını deyir. Digərləri əllərində kərki və nizə uşaq kimi arxamda gizlənirlər. Sonra “ağıllımız” yatıb qaldığını, iblisi yuxusunda gördüyünü etiraf edir”.
Klaviatura arxasında asıb kəsən, amma çətinliklə üzləşən kimi qaçıb gizlənənlərə isə aşağıdakı səhnə uyğun gəlir:
“Sən o vaxt çox balaca idin, oğlum, yadına gəlməz. Günün günorta çağı üç canavar sakitcə kəndin içinə girmişdi. Kənd camaatı qorxub gizləndi. Düzdür, kişilərin çoxu tarlada idi, amma tarlaya getməyib kənddə qalan kişilər də vardı. Qaçıb taxıl anbarında gizləndilər. Ona görə də canavarlar istədikləri hər şeyi etdilər. Toyuq-cücəni parçalayıb yedilər, keçilərin boğazlarını gəmirdilər. Bütün bunlar baş verəndə kəndlilər gizlənmişdi. Bəziləri evlərində, çoxu isə taxıl anbarında… Məni xanım Mindredin evinin yanındakı xəndəkdə qoyub getdilər. Əl arabasında, şikəst ayaqlarım göyə baxan vəziyyətdə… Canavarlar mənə yaxınlaşdılar. Dedim ki, gəlin yeyin məni, bir-iki canavara görə anbarda gizlənən deyiləm. Lakin mənimlə maraqlanmadılar, tüklərini budlarıma sürtüb getdilər. Ürəkləri istəyəni etdilər, o cəsur adamlar da ancaq canavarlar gedəndən sonra gizləndikləri yerdən çıxa bildilər. Günün günorta çağı üç canavarla boğuşacaq kişi yoxmuş kənddə…”
Yadınızdadır, Rusiya Krıma girəndə qeyri-qanuni ilhaqını nə ilə əsaslandırmışdı? Deyirdilər, guya Ukraynada rus mənşəli vətəndaşlara “pis gözlə baxırlar”. Əsərdə tarixin çoxsaylı sınaqlarından keçmiş bu üsul da öz əksini tapmışdı:
“Şərqdə qulağımıza gəldi ki, bu torpaqlarda britlər saks qardaşlarımızla pis rəftar edirlər. Soydaşlarımıza görə narahat olan kral məni bu məsələnin doğruluğunu araşdırmağım üçün göndərdi”.
“Tapışın qüdrəti” rubrikamızın bu dəfəki qonağı:
“Yaxşı müdafiə olunan bir qalada iyirmi-otuz oğlan idik, səhərdən axşama qədər britlərin cərgəsində savaşacaq döyüşçü olmaq üçün təlimlər keçirdik. Yoldaşlarıma möhkəm məhəbbətlə bağlı idim, çünki fövqəladə insanlar idilər, qardaş kimi yaşayırdıq… Brennusdan başqa… Atası lord olduğuna görə bizə qarışmazdı. Lakin tez-tez təlimlərə qoşulardı. Elə də məharətli deyildi, ancaq qılınc oynadanda, ya da qum hovuzunda güləşəndə məcbur idik ki, qələbə qazanmağına icazə verək. Lordun oğlu şanlı qələbə qazanmasa, hamımız cəzalanırdıq. Təsəvvür edə bilirsən, gənc dostum? Qürurlu, gənc oğlanlar idik, amma o cür zəif rəqibə uduzmalı olurduq. Ən pisi bu idi ki, Brennus “uduzan” rəqiblərini təhqir etməkdən həzz alırdı. Yerdə uzandığımız zaman boynumuzu tapdalamaqdan, bizi təpikləməkdən ötrü ürəyi gedirdi”.
Bu isə yenidən düşdüyümüz müharibə şəraitini təsvir etmək üçün əla dialoqlardır:
“-Mərhəmətli olun, gedin burdan… Bu ölkəni unutqanlığı ilə baş-başa qoyun.
– Bu, axmaqlıqdır, cənab. Sürfələrin qaynaşdığı köhnə yaralar necə sağala bilər? Qırğınla, ovsunla yaradılan sülh necə əbədi ola bilər?”.
***
“– Dua edək ki, pis heç nə olmasın, xalqlar arasındakı bağ qırılmasın. Fürsətcil insanlar keçmişdə baş verənləri əldə bayraq edib torpaq uğrunda qan tökməsin.
– Qorxmaqda haqlısınız, cənab. Basdırılmış nəhəng qımıldanır. Ayağa qalxanda aramızdakı dostluq bağları sap qədər naziləcək. İnsanlar gecə vaxtı qonşularının evlərini yandıracaqlar. Dan yeri ağaranda uşaqları ağaclardan asacaqlar. Çaylar şişmiş cəsədlər üzündən üfunət iyi verəcək. Ordumuzun qəzəbi, intiqama olan aclığı böyüdükcə böyüyəcək”.
Bu abzası isə 2020-ci ilin hər günü yad etdiyimiz ölkəyə (Çinə) və həmin ölkənin məlum vətəndaşına (yarasa şorbası içən şəxsə) həsr edirəm:
“Sonra işıqda beli üstə uzanmış yarasanı gördülər, qanadlarını əməlli-başlı açmış, elə bil şirin yuxuya getmişdi. Dərisi nəmli və yapışqanlı görünürdü. Donuz üzünə oxşayan dərisində tük yox idi, açılmış qanadlarına su yığılmışdı. Aksl çırağı daha da yaxınlaşdırıb yarasanın qarnındakı yaranı gördü və öldüyünə əmin oldu. Sanki kimsə almadan böyük dişlək qopartmışdı”.
Zahirən mistik pritça qiyafasinə bürünən əsər kifayət qədər ciddi və aktual mövzulara toxunub. Müharibə və müharibənin açdığı yaralar, intiqam, qisas, kollektiv unutqanlıq – bu kimi mövzulara toxunan müəllif oxucunu da müzakirələrə cəlb edir: daimi sülh mümkündürmü yoxsa yox? Eyni sınaqlardan, eyni müsibətlərdən keçmiş insanlar niyə fərqli mövqe sərgiləyir? Niyə bəziləri passifist olur, bəziləri revanşizm tərəfdarı? Keçmişi xatırlamamaq keçmiş günahları yumağa bəs edirmi? Törətdiyin əməllərdən peşmansansa, ilahi ədalətdən yayınmaq haqqın varmı?

Bütün bu analogiyalardan sonra adam hirslənməyə başlayır: ona görə yox ki, tarix mənasızcasına təkrarlanır, ona görə ki, hər dəfə bu mənasızlığın qurbanı oluruq.
Bütün bunlarla yanaşı, romanın tərcüməsindən azərbaycanca xeyli yeni söz öyrəndim. Buna görə də “Teas Press” nəşriyyat evinin redaksiya heyətinə ayrıca təşəkkür düşür.
- əlhavası – heç şey görmədən, əl duyğusu vasitəsilə
- qırım – görkəm, təhər-töhür, görünüş, hal, əhval, tövr
- taytamaq – axsamaq
- caydaq – uzun, arıq, uzundraz
- müxəlləfat – ev şeyləri, ev avadanlığı
- qafilə – birlikdə yol gedən atlılar və s. dəstəsi; karvan
- həsləmək – geri çəkilmək
- qəsvətəngiz – qəm-qüssə gətirən, kədərləndirən
- qumquma – 1. Yandan asılan kiçik su qabı. 2. İlk baharda bağlarda və meşələrdə meyvə ağaclarına daraşıb, onların yarpaqlarını yeyən və ağzından buraxdığı tora oxşar maddə ilə onları bürüşdürən ziyanverici tırtıl.
- perikmək – diksinmək